Güləcək

Yarım bizə gəlsə qonaq, gül açıb cahan güləcək.
Məhəbbəti uca tutan hər aqil insan güləcək.

Yaşadır insan oğlunu bizə beşik olan dünya.
Seviləcək nurlu səhər, hər sökülən dan güləcək.

İki aşiq görüşəndə ürəkləri hey coşacaq,
Sadiq qalıb bir-birinə, baxıb mehriban güləcək.

Unutma öz sevgilini, unutma öz ilqarını,
İlk məhəbbət atəşinə bir də alış, yan, güləcək.

Baxışların dili vardır sevgililər sussa belə,
Sən də sevin, fəxr elə ki, oduna yanan güləcək.

Əhdə sadiq olanların bəxti yenə gül açacaq,
Yar olacaq bu sevdada eşqinə soltan güləcək.

Görüş var ki, unudulmur, illər boyu yadda qalır,
Dilə gəlib nazlı yarın halı pərişan güləcək.

Əli Vəkil söz ovçusu, bəlkə sözün zərgəridir,
Nəğmələri könüllərə olacaq mehman, güləcək.

15 avqust 2002