Mənimdi

Qədim odlar diyarının dağı, düzü mənimdi.
Fəsilləri – qarlı qışı, güllü yazı mənimdi.

Əksim qalıb sularında Maralgölün, Göygölün,
Savalan, Göyəzən, Murov, Qarayazı mənimdi.

Xətainin Göyçəmizdə izi hələ itməyib,
Ələsgərin yada qalan telli sazı mənimdi.

Nizaminin, Füzulinin hikmətli kəlamiları,
Ürəklərdə dilə gələn dürlü sözü mənimdi.

Koroğlunun qəhrəmanlıq ənənəsi yaşayır,
Bizə miras, qeyrət rəmzi olan izi mənimdi.

Hər kəs üçün xoşdu yarın ona qonaq gəlməsi,
Aşiq deyir sevgilimin eşqi, özü mənimdi.

Əli Vəkil qala qurur ən dəyərli sözlərdən,
Hikmət adlı çeşmənin qaynar gözü mənimdi.

16 avqust 2002
Rusiya, İvanovo şəhəri