65 yaşıma

Nə tez tamam oldu altmış beş yaşım,
Döyərək qapımı sıxdı əlimi.
İllər vərəqlənib, ağarıb başım,
İllər gətiribdir kədəri, qəmi.

Salam, altmış beşim, gözlədim səni,
Ömrün anlarına baş vurum, dedim.
Ad günüm, şeirimlə vəsf edim səni,
Gələcək illəri kaş yorum, dedim.

Gəldi, qarşıladım altmış beşi mən,
Üç yerə bölünüb illərim, bilin.
Yola saldım baharı mən, qışı mən,
Dəhşətlər görübdür ellərim, bilin.

Barıt tüstüsünə düşən uşaqlıq
Qarda, tufanlarda püç oldu getdi.
Hərbin alovunda bişən uşaqlıq
Kədərli günlərə köç oldu getdi.

Ağır dava oldu, qanlı bir dava,
Adıydı – ikinci dünya savaşı.
Dörd il köks ötürdü bütün el, oba,
Ölümlə üzəlşdik hər addımbaşı.

Atamı əlimdən aldı o dava,
Bir qardaş, bir bacı nələr görmədik?
Yaddaşda əbədi qaldı o dava,
Qəlbdə qorxu, təlaş, nələr görmədik?

Şəkli də qalmayıb itgin atamın,
Gəlir görüşümə yuxularda o.
Qəbri də olmayıb itgin atamın,
Görən harda susub, deyin, harda o?

Yeddinci sinifdə oxuyanda mən
Gözünü əbədi yumdu anam da.
Aclıq idi, nə gərdi əlimdən?
Deyirdim, İlahi, sən yetiş dada.

Faciədir vallah ana itirmək,
Yaşamışam əmi, dayı yanında.
Aclığa, suzluğa hey sinə gərmək,
Azmaq yoxsulluğun asimanında.

On yeddi il Göyçəmizdə yaşadım,
Kamal attestatı aldım orada.
Hodaq oldum, çöldə, düzdə yaşadım,
Meylimi kitaba saldım orada.

Yadda qaldı tələbəlik illəri,
Təhsil aldım İrəvanda düz beş il.
Bir xəyaldı tələbəlik illəri,
Oldu qəlb sirdaşım dürlü söz beş il.

Tanındım şairtək, jurnalist kimi,
Beş kitab çıxardım İrəvanda mən.
Hikmətli söz ürəyimin hakimi,
Düşmən hiyləsini gördüm onda mən.

On iki il İrəvanda çalışdım,
Keçdi orda ömrün on yeddi ili.
Çətinliyə, sınaqlara alışdım,
Otuz dörd yaşına yetişdim, bəli.

Tanrı payı – altmış beşdə Müşfiqim,
Ata oldum qayğılarım çoxaldı.
İlham verdi mənə işdə Müşfiqim,
Dünyamızda çox şey umdu, az aldı.

Otuz dörd yaşımdan bu günə qədər
Ömrüm-günüm Bakımızda keçibdir.
Bir-birinə bənzəməyir fəsillər,
Şair şərbəti az, ağını çox içibdir.

Üç oğulun, üç nəvənin qayğısı,
Düşübdür çiynimə, Əli babayam.
Az olmayır söz sevənin qayğısı,
Qəlbi nağıllıyam, bəli, babayam.

İlahidən bircə arzum var mənim,
Görə bilim nəvələrin toyunu.
Qəlbimdə dil açır duyğular mənim,
Yadda qalır baba rəqsi, oyunu.

Uzaqdadır Vüqarımla Rizvanım,
Bu həsrətdən ha sızlayır ürəyim.
Gərək mən onları düşünüm, anım,
Balaları xoşbəxt gormək diləyim.

Nəvələrin timsalında mövcuddur
İndi xəyal olan uşaqlığım da.
Elə zənn edirəm bulmuşam, budur –
Uzaqlarda qalan uşaşlığım da.

Ad günümdür, təbrik edir dost, tanış,
Ömür payım nə qədərdir, kim bilir?
Keçmişlərdən ha söhbət aç, ha danış,
Bəxtəvərdi o insan ki, sevilir.

Olmayıbdır nə vəzifəm, nə şanım,
Yapışmışam mən zəhmətin əlindən.
Arxam, dayağımdı Azərbaycanım,
Uzaq gəzdim bədxahların felindən.

Dövlətim də, sərvətim də söz mənim,
Ucaltdığım bir abidə – söz qalam.
Yalan, böhtan qəlbimə yad-düz mənim,
Zənn edirəm yüz qalam var, yüz qalam.

Ömrüm boyu təmiz adı qorudum,
Qılıncım da, qalxanım da söz oldu.
Tək ilhamı, istedadı qorudum,
Məsləkim də, imanım da söz oldu.

Yol gedirəm, zirvə məni haraylar,
Arzum budur yorulmayım yollarda.
Nəyə lazım yersiz haylar, haraylar,
Tanrım kömək olsa qalmaram darda.

Qadir Allah, özün bilən yaxşıdı,
Bir ömürdü, verən də sən, alan da.
Haqq göndərən, haqdan gələn yaxşıdı,
Köçəcək nökər də, qılınc çalan da!

9 iyun 2003