Bayatılar

                ***

Torpaq yandı, daş yandı
Gözümüzdə yaş yandı.
Şəhid olan insanlar
Ürəkdə təlaş yandı.

Göylərə çatdı ahım,
Nəydi axı günahım?
Belə qırğın tarixdə
Olmayıbdır, Allahım!

O gün hara yazıldı?
Tarix qara yazıldı.
Yaddan çıxmasın deyə,
Yaddaşlara yazıldı.

Doğma elim ağladı,
Hamı qara bağladı.
Oğul itirən ana
Məzarı qucaqladı.

Hardan gəldi o kəslər,
Başkəsənlər, nakəslər?
Yox, onlar insan deyil,
İblislərdi, iblislər.

Yaman müdhiş gecəydi,
Xalq haraya gedəydi?
Məktəblinin, qocanın
Köksündən güllə dəydi.

Nələr gördü bu torpaq?
Köks ötürdü bu torpaq.
Neçə-neçə günahsız
Qurban verdi bu torpaq.

Eləmi yazım hanı?
Qış ötdü, yazım hanı?
Larisamı səslərəm,
Ellər, bəs qızım hanı?

Əsəblərim tarımdı,
Qəmli dinən tarımdı.
Vətəni qoruyanlar deyir
Mətin övladlarımdı.

Aman Allah, nə gördük,
Gülləyə sinə gərdik.
Ülvi kimi, ay ellər,
Bir şairi itirdik.

Yetişmədi qoramız,
Bitişmədi paramız.
Qaysaq bağlayan deyil
Sinəmizdə yaramız.

Bakımız nələr gördü?
Ağladı, köks ötürdü.
Ay Allah, millətimiz,
Necə çəksin bu dərdi?

             ***

Qanana,
Sözünü de qanana,
Dilbilməz qurban olsun
Bir arifə, qanana.

Yar adı,
Yaddan çıxmaz yar adı.
Həsrətinə dözməkdən
Sevən könlüm yaradı.

Yaz gəlsin,
Qış ötüşsün, yaz gəlsin.
Çox gözləmə yolunu,
Yara məktub yaz, gəlsin.

Yar qalamı,
Seyr eləsin yar qalamı.
Bəyənməsən əgər onu,
Gəl parçala, yar, qalamı.

Qara gəlsin,
Qoy qarğalar qara gəlsin.
Sevgimizə pəl vuranın,
Kaş ki, günü qara gəlsin.

Yaz ana,
Sadiq aşiq yaz ana.
Hamı alqış söyləsin
Bu yazını yazana.

Bal andı,
Bal arısı bal andı.
Laylanı de, ay ana,
Bu ki, sənin balandı.

Dərindi,
Dəymə, yaram dərindi.
Yar bağına qonaq ol,
Güllərindən dər indi.

Anamı,
Yar yarını anamı?
Canım qədər sevirəm
Vətənimi, anamı.

Anda gəl,
Öz sözünü an da, gəl.
Dostunun harayına
Yanız çətin anda gəl.

1 avqust 2002
Rusiya, İvanovo şəhəri