Mən səni sevməklə…

Dünyanı dünyatək görəndə gözüm,
Mən də hamı kimi sevdim, sevildim.
Səni kəşf etdiyim gündən, əzizim,
Həyatın, nəğmənin qədrini bildim.

Uşaqlıq illəri xəyala döndü,
Əl verib gəncliyə – «Xoş gəldin!» – dedim.
Gözümdə bu dünya ala büründü,
Düz seçib yolumu, mən büdrəmədim.

Hər sözü, addımı yüz ölçüb-biçdim,
Gözümdə əlçatmaz zirvəyə döndün.
Əhdimə, eşqimə yüz yol and içdim,
Nəğməyə çevrildi ötüşən hər gün.

Düzəltdin səhvimi iradlarında,
Çağladı bulaqtək sözlər qəlbimdə.
Fəxt etdim eşqinlə, təmiz adınla,
Gül açdı dərələr, düzlər qəbimdə.

Səni ilk görüşə dəvət edəndə,
Elə bil dünyanı verdilər mənə.
Ömür yollarımız dururdu öndə,
Bir-bir əməl etdim dediklərinə.

Şairəm! – Söyləyib qürrələnmirəm,
İlk şeiri qəlbimə sən yazmısan, sən.
Mənəm, mənəm, deyib qürrələnmirəm,
Mən ilham alıram məhəbbətindən.

Bu günkü uğurum, dünəndən gəlir,
İlk şeirim yarandı ilk eşqimizlə.
Keçmişə dönürəm, qəlbim kövrəlir,
Çıxırsan qarşıma sən gülər üzlə.

Gülüşün yaradıb nəğməmi hər an,
Vaxt olub buludtək yaman dolmuşam.
Hər sözə, misraya ortağıq inan,
Mən səni sevməklə şair olmuşam.

Dünyanı dünyatək görəndə gözüm,
Mən də hamı kimi sevdim, sevildim.
Səni kəşf etdiyim gündən, əzizim,
Həyatın, nəğmənin qədrini bildim.

15 mart 1981