Yolunu gözləyirəm

Gecikirsən sən niyə?
Ağır keçir gün, niyə?
Baxıram yerə, göyə,
Yolunu gözləyirəm.

Gülüm, qonaq getmisən,
Evimi tərk etmisən,
Demirəm ki, itmisən?
Yolunu gözləyirəm.

İl olub hər bir anım,
Sənsiz necə dayanım?
Çoxmu alışım, yanım?
Yolunu gözləyirəm.

Sənsizliyə dözmürəm,
Dolaşmıram, gəzmirəm,
Günü, ayı sezmirəm,
Yolunu gözləyirəm.

Gərəkdir səsin mənə,
İsti nəfəsin mənə,
Tezcə durub gəlsənə,
Yolunu gözləyirəm.

Hamı yazıb sevgidən,
De, kim bezib sevgidən?
Leylim sandım səni mən,
Yolunu gözləyirəm.

Ayrılıq qismətimdir,
Ona dözmək çətindir,
Bil ki, Əli mətindir,
Yolunu gözləyirəm.

19 avqust 2000-ci il