Yuxuma girmişdin, çin olub yuxum,
Ətri səndən alıb gül, ay qara göz.
Məndən üz döndərmə, ay varım, yoxum,
Qəmlənmə, hər zaman gül, ay qara göz.
Abırlı, ismətli, həyalı gözəl,
Ülvi gözəlliyin timsalı gözəl,
Aşiqin arzusu, xəyalı gözəl,
Hər sözün qədrini bil, ay qara göz.
Söhbətin mənalı, sözün mənalı,
Baxışın mənalı, gözün mənalı,
Günəş tək nur yayan üzün mənalı,
Amandı insafa gəl, ay qara göz.
Üz çevirmə, uzaq gəzmə, nə olar,
İşvənlə canımı üzmə nə olar?
Ülvi məhəbbətdən bezmə, nə olar?
Həsrəti qəlbindən sil, ay qara göz.
Əli Vəkil sərrafıdı sözlərin,
Ürəyində yadigardı gözlərin,
Maralısan, ceyranısan düzlərin,
Dərdini mənimlə böl, ay qara göz.
2 mart 2002