Sən gələcəksən

Səbrim tükənibdir, darıxmışam mən,
Həsrət ürəyimi yandırır, yaxır.
Boylanıb yollara çox baxmışam mən,
Eşqin ildırımtək qəlbimdə çaxır.

Sevincim ümmandır, sən gələcəksən,
Mənalı keçəcək hər anım mənim.
Könlümü oxşayıb güldürəcəksən,
Əzəzim, halıma yananım mənim.

Bu gün fərəhimdən uçmaq istərəm,
Gəlişin dünyanı bağışlar mənə.
Yox, yox, nə Məcnunam, nə də ki Kərəm,
İlham verəcəkdir baxışlar mənə.

Dünyada hamıdan xoşbəxtəm, xoşbəxt,
Əllərin əlimə dəyəcək yenə.
Səninlə görüşmək böyük səadət,
Yubanma, həsrətəm gülər üzünə.

Bu bahar günündə gülsün eşqimiz,
Yazılsın ürəyə ən şirin anlar.
Gəl, haqqı-salamı unutmayaq biz,
Bədbəxtdir həyatda əhdi dananlar.

Aprel 1996-cı il