Daha nə qəmim?

İlan vuran yatır mən yatammıram,
Ərşə çəkilibdir yuxum bu gecə.
Səni ürəyimdən çıxarammıram,
Gecədən salamat çıxım bu gecə.

Hər şeyi eşqinə qurban vermişəm,
Sirdaşım xəyallar olubdur indi.
Yenə sənsizliyə sinə gərmişəm,
Sən yoxsan, həsrətin qalıbdır indi.

Sən yoxsan, qəlbimdə salınıb yerin,
Haçandan yatırsan sən ürəyimdə?
Eşqin bir dənizdir dərindən dərin,
Ümman ürəyimdə, gen ürəyimdə.

Kimin nə haqqı var, oyada səni?
Şaxta da, külək də uzaqdır ordan.
Gizləyib könlümdə, dünyada səni,
Gərək ki, qoruyam yad baxışlardan.

Sən yat, keşiyində dayanmışam mən,
Yoxdur ürəyimdə nə səs, nə səmir.
Bir görün haçandan oyanmışam mən?
Heç kəs dincəl demir, heç kəs yat demir.

Qaranlıq gecədə keşikçinəm mən,
İşləyən saatdır, bir də qələmim.
Niyə öyünməyim, eşqi çinəm mən,
Sən ki, qəlbimdəsən, daha nə qəmim?

26 fevral 1985