Ay Allah, tilsimə düşdüm bəlkə mən?
Ulduzdu, Günəşdi, Aydı, nə bilim?
Qarşıma çıxanda sarsıldım nədən?
Görəsən nə üçün dolaşdı dilim?
De, sənə bənzəyən bir gözəl hanı?
Ay Bakı mələyi, elin göyçəyi.
Nədən lal edirsən sənə baxanı?
Kim dərib qoxlamaz belə çiçəyi?
Dünya gözəllikdən xali deyildir,
Zaman öz atını çapır dördnala.
Kim ülvi sevgidən halı deyildir,
Bu sevda dillərdə bir dastan ola.
Sevirəm, sevirəm, sevirəm səni,
Dünyada kaş mənim olaydın bir gün.
Barı anlayaydın, duyaydın məni,
Nəğmələr yazaydım gözlərin üçün!
26 aprel 1988