Niyə ögey bildin dünyada məni?
Özgə bir sevdaya düşdün, de, nədən?
Heç zaman salmadın sən yada məni,
İndi boylanırsan xatirələrdən.
Yalqızam gecənin sənsizliyində,
Nə bilim, sən özün indi hardasan?
Həzin nəhməsi var sənsizliyin də,
Hisslərə qul olmaq deyildir asan.
Ərşə çəkilibdir yuxum, dincliyim,
Səni düşünürəm, xəbərin varmı?
Qəlbimdən keçəni bəs kimə deyib?
Sevən də sevəni heç unudarmı?
Xeyli söhbət etdim lal gecəylə mən,
Ürəkdən kağıza axdı sözlərim.
Yazanda eşqindən, məhəbbətindən
Zülmətdə şimşəktək çaxdı sözlərim.
Yatmısan baharla nəfəs-nəfəsə,
Barı keçirəmmi sənin fikrindən?
Bu sirri demərəm, bil ki, heç kəsə,
Yatmıram yuxuda səni görəm mən.
23 yanvar 1984