Darıxmışam mən

Çoxdan ayrılmışıq, darıxmışam mən,
Səni hey düşünüb anan olmuşam.
Uzanan yollara çox baxmışam mən,
Vallah eşq oduna yanan olmuşam.

Salmışam qəlbimdə yerini, gülüm,
Bilirsən sən mənə necə doğmasan?
De, çəkim dərdini-sərini, gülüm,
Həmişə özünü mənə doğma san.

Səninlə danışıb-gülən də mənəm,
Yamanca xoş keçir gecəm-gündüzüm.
Gözünün yaşını silən də mənəm,
Ay canım-ciyərim, ay iki gözüm.

Sənə həsr etmişəm neçə şeirimi,
Tez gəl ki, onları oxuyaq bir də.
Misralar yaşadır sevinci, qəmi,
İz salır yaddaşda, xatirələrdə.

Qapımdan içrəri girdiyin zaman
Ürəyim şadlanıb hey güləcəkdir.
Sənin gəlişinlə sevgilim, inan,
Xəyal həqiqətə çevriləcəkdir.

21 dekabr 1999