Dağlar arxasından səsləsən məni,
Quş olub yanına uçub gələrəm.
Əhdinə sadiq ol, səslə sən məni,
Ən qısa yolları seçib gələrəm!
Adına nəğmələr qoşmuşam sənsiz,
Xəzərtək çağlayıb, coşmuşam sənsiz,
Arazam həsrətdən daşmışam sənsiz,
Eşqin badəsini içib gələrəm!
Vallah, möhnətindən il olur anım,
Nə qədər odlanım, nə qədər yanım,
Sənsən, saf eşqindir yalnız gümanım,
Bağlı qapıları açıb gələrəm!
Əli Vəkil düşüb oda, neyləsin?
Yetişməsən əgər dada, neyləsin?
Sevirsən sən, sevir o da, neyləsin,
Ölsəm o dünyadan qaçıb gələrəm!
1990