Bağışla məni

Necə bağışlayım cinayətimi?
Səninlə görüşə gəlməmişəm mən.
Boynunu bükmüsən bənövşə kimi,
Qaça bilməmisən qardan, küləkdən.

Vaxtında gəlmisən görüş yerinə,
Həsrətlə yollara zillənib gözü.
Şaxtaya, soyuğa dözmüsən yenə,
Qəmlənib ürəyin, tutulub üzün.

Yamanca aldadıb saatım məni,
Xeyli dayanmısan təşviş içində.
Barı üzə vurma olub-keçəni,
Yəqin hirslənmisən yağışlı gündə.

Bağışla, əzizim günahkaram mən,
Necə üzr istəyim, nə deyim axı?
Əhdinə, eşqinə minnətdaram mən,
Sabah yumalıyam mən bu günahı!

25 fevral 1985