Darıxma

Sevgilindən ayrı düşsən əgər sən,
Hicran nədir? Bilməyirsən məgərsən?
Eşqin əzabına tək sinə gərsən,
O anlar yadında qalar, qəm etmə.

Qəfildən yanına dönər sevdiyin,
Can, deyib yenə də dinər sevdiyin,
Mələkdir göylərdən enər sevdiyin,
Səninlə xəyala dalar, qəm etmə.

Kədər dolu dünyası var aşiqin,
Hər sözünün mənası var aşiqin,
Eşq adlanan röyası var aşiqin,
Sazda bir «Kərəmi» çalar, qəm etmə.

Qibtə edir bu sevdaya çoxları,
Öz eşqində sədaqətli ol barı,
Gülər üzlü görəmməzsən əğyarı,
Məhəbbət bağçası solar, qəm etmə.

Darıxma tez sona yetər intizar,
Yox olar intizar, itər intizar,
Tükənər intizar, bitər intizar,
Yar gəlib könlünü alar, qəm etmə.

Həsrətə, hər dağa dözən ürəkdir,
Uzun ayrılığa dözən ürəkdir,
Gizli mətləbləri sezən ürəkdir,
Yenə də boşalar, dolar, qəm etmə.

Əli Vəkil, bir gün üzün güləcək,
Qələbə soraqlı sözün güləcək,
Qarabağ həsrətli gözün güləcək,
El «Cəngi» havası çalar, qəm etmə.

28 iyul 2002