Deyiləm

Səni ürəyimdə bəsləyirəm mən,
Bu eşqi gizlədən, danan deyiləm.
Xəyalən yüz dəfə səsləyirəm mən,
Özgə heç kimsəni anan deyiləm.

Hirslənib qaramca deyinmə, dayan,
Ülvi gözəlliklə öyünmə, dayan,
Əsli paltarını geyinmə, dayan,
Kərəmtək alışıb yanan deyiləm.

Sevdalı günləri kim unudar, kim?
Həsrətdən, hicrandan qovrulur qəlbim,
Tək sənin eşqindir dünyama hakim,
Gündə bir gül üstə qonan deyiləm.

Vardır əhəbətin boranı, qarı,
İnamla keçmişəm mən bu yolları.
Çıxarma yadından sən bunu barı,
Şaxtada, tufanda donan deyiləm.

Birgə sinə gərək bu çətinliyə,
Sevgi dünyasını unudaq niyə?
Yalandan «sevirəm», «aşiqəm» – deyə –
Hər hissi məhəbbət sanan deyiləm.

1985