Bir an yenə xəyallara dalmışdım,
Gözləmirdim bu qəfləti zəngi mən.
Fikirliydim, yenə çaşıb qalmışdım,
Gözləmirdim bu qəfləti zəngi mən.
Az deyildir öz kədərim, öz dərdim,
Vaxt olur ki, başdan aşır yüz dərdim.
Ürəyimdə qövr eləyir köz dərdim,
Gözləmirdim bu qəfləti zəngi mən.
Zənn edirdim mən çıxmışam yadından,
Çox alışdım gözlərinin odundan,
Uzaqdayam hər gözəldən, qadından,
Gözləmirdim bu qəfləti zəngi mən.
Sən danışdın tamam dünyam dəyişdi,
Öz-özümdən baş açmadım, nə işdi?
Telefonda səsin mənə yetişdi,
Gözləmirdim bu qəfləti zəngi mən.
Xəyallara sirdaş idi ürəyim,
Köksüm altda bir daş idi ürəyim,
Susmayan sim idi arzum, diləyim,
Gözləmirdim bu qəfləti zəngi mən.
Əli Vəkil səni doğma biləndən,
Görüşümə sən röyada gələndən,
Düşünürdüm, bəlkə uçub gəlim mən?
Gözləmirdim bu qəfləti zəngi mən.
19 sentyabr 2000