Yuxuma girmişdin, çin olub yuxum,
Ətri səndən alıb gül, ay qaragöz.
Məndən üz döndərmə, ay gözü toxum,
Qəmlənmə, hər zaman gül, ay qaragöz.
Abırlı, ismətli, həyalı gözəl,
Ülvi gözəlliyin timsalı gözəl,
Aşiqin arzusu, xəyalı gözəl,
Sevginin qədrini bil, ay qaragöz.
Baxışın mənalı, sözün mənalı,
Duruşun mənalı, gözün mənalı,
Günəşi andıran üzün mənalı,
Məni yad et, yola gəl, ay qaragöz.
Üz döndərmə, uzaq gəzmə, nə olar?
Nazınla canımı üzmə, nə olar?
Sevib-sevilməkdən bezmə, nə olar?
Həsrəti ürəkdən sil, ay qaragöz.
Əli Vəkil sərrafıdı sözlərin,
Xəyalında yadigardı gözlərin
Maralısan, ceyranısan düzlərin,
Dərdini mənimlə böl, ay qaragöz.
2 mart 2002