Kimdən yazım?

Deyirsən ki, bəsdir mənə söz qoşdun,
Bəs nədən söz açım, bəs kimdən yazım?
Həvəslənib, havalanıb ha coşdun,
Bəs nədən söz açım, bəs kimdən yazım?

Sən olmusan mənə qol-qanad verən,
Hər nəğməmə, hər sözümə dad verən,
Qəlbimi coşduran, şeirə ad verən,
Bəs nədən söz açım, bəs kimdən yazım?

Sən əzəldən tale payım, qismətim,
Yaşadığım günüm, ayım, qismətim,
Fəsillərim – yazım, yayım, qismətim,
Bəs nədən söz açım, bəs kimdən yazım?

Səni düşünəndə dil açır ürək,
Həmişə ürəyi dinləmək gərək,
Hərdən də gəl sözü nəğməyə verək,
Bəs nədən söz açım, bəs kimdən yazım?

Tutursan əlimdən nəğmə yazanda,
Xəbərdar edirsə yolu azanda,
Elə ki, dağ olur sözüm qazanda,
Bəs nədən söz açım, bəs kimdən yazım?

Əli Vəkil sadiq olub əhdinə,
İstəyir ki, ha söz qoşa, ha dinə,
Dilə gələ, qəlbi coşa, ha dinə,
Bəs nədən söz açım, bəs kimdən yazım?

16 sentyabr 2000