Gəlmişəm

Bu qarlı, şaxtalı Şimala, dostlar,
Övlad ünvanına qonaq gəlmişəm.
Ürəyimdə sonsuz kədər, qayğı var,
Zənn etməyin damağı çağ gəlmişəm.

Üşümərəm şaxta güclü olsa da,
Soyuq külək ciyərimə dolsa da,
Torpaq eşqi məni məndən alsa da,
Dərd sinəmə çəkibdir dağ, gəlmişəm.

Dönə-dönə seyr etmişəm Xəzəri,
Ürəyimdə gətirmişəm Xəzəri,
Gözlərimə köçürmüşəm Xəzəri,
Dalğaları saçaq-saçaq, gəlmişəm.

Göy gölüm uzaqda, Qoşqar uzaqda,
Başı qarlı uca dağlar uzaqda,
Cənnət diyar, gur bulaqlar uzaqda,
Ürəyimdə od, «Yanardağ» gəlmişəm.

Torpağımda qırğın gördüm, qan gördüm,
Düşməndə nə qeyrət, nə ad-san gördüm
Şuşamızda, Qarabağda «yan» gördüm,
Yaddan qisas alınacaq, gəlmişəm.

Ana Vətən, yuvam, yerim səndədir,
Yazılmamış neçə şeirim səndədir,
Xan Arazım, dəli Kürüm səndədir,
Neçə nəğmə doğulacaq, gəlmişəm.

Əli vəkil öz yurduna vurğundu,
Yer üzündə təkcə ona vurğundu,
Orda gəlib bu cahana, vurğundu,
Öz əlimdə çatıb ocaq gəlmişəm!

Rusiya, İvanovo şəhəri
28 dekabr 2000