Sənin nəğmən

Hələ yaza bilməmişəm
Sənə layiq nəğməni mən.
İlham aciz, qələm gücsüz,
Bacarmıram bilməm nədən?

Söz çıxır ceyran belinə,
Sənə layiq söz tapmıram.
O sözləri dağ eləyən
Atəş tapmır, köz tapmıram.

Deyirəm ki, o nəğmədə
Vəsf eləyim gözlərini.
İnsanlara çatdırım mən
Dəyərli, dürr sözlərini.

Sənin şeirin, sənin nəğmən
Dildən-dilə düşsün gərək.
O mahnıda dilə gəlsin
Bir döyünən iki ürək.

Canımdan da çox sevirəm
Dürlü sözü, nəğməni mən.
Mütləq, mütləq yazmalıyam
Gülüm, sənin nəğməni mən.

Ürəklərə yol tapacaq
O ülviyyət nəğməsitək.
Dillərdə əzbər olacaq
Saf məhəbbət nəğməsitək.

Hələ yaza bilməmişəm
Sənə layiq nəğməni mən.
İlham aciz, qələm gücsüz,
Bacarmıram bilməm nədən?

24 iyul 2000