Haradan bilim?

Başımıza nə gələcək,
Kimlər şadlanıb güləcək?
Kim dərdi qəlbdən siləcək,
Mən haradan bilim axı?

Harda toydu, harda yasdı?
Kimlər kimə qulaq asdı,
Dünya niyə basabasdı?
Mən haradan bilim axı?

Kimin kimə borcu vardır,
Borcluya bu dünya dardı,
Aqil olmaq iftixardı,
Mən haradan bilim axı?

Möcüzələr, sirlər çoxdu,
Əfsanəvi yerlər çoxdu,
İncilər çox, dürrlər  çoxdu,
Mən haradan bilim axı?

Əli Vəkil – budur adım,
Fitri deyil istedadım,
Münəccim ki doğulmadım
Mən haradan bilim axı?

1 avqust 2002