Unutdurdun

Gülüşünlə, baxışınla
Dərdi-səri unutdurdun.
Sözlərimi dərk et, anla –
Gör nələri unutdurdun?

Ömrün xoş anları olub,
Qəlbin gümanları olub,
Sevincdən gözlərim dolub,
O günləri unutdurdun.

Nələr düşdü gör yadıma,
Özüm yandım öz oduma,
Sən yetişdin imdadıma,
İtənləri unutdurdun.

Sənlə keçən anlar şirin,
Dastan danışdı gözlərin,
Özün mələk, ağlın dərin,
Ötənləri unutdurdun.

Bir dənəsən yoxdur tayın,
Timsalısan Günün, Ayın,
Bacısı ol sən Humayın,
Qəm-kədəri unutdurdun.

6 avqust 2002