Yenə könlüm havalandı, neyləyim,
Nəğmə dedim, dilim yandı, neyləyim,
Eşqin günəş, eşqin dandı, neyləyim?
Gülərüzlü Göyərçinimsən mənim.
Əzəldən halıma yananım oldun,
Sevgilim, mələyim, cananım oldun,
Qəlbimi oxuyub qananım oldun,
Şirinsözlü Göyərçinimsən mənim.
Ləkəsizdir ürəyinin aynası,
Sənsən axı, həyatımın mənası,
Üç qardaşın – üç oğlumun anası,
Qaragözlü Göyərçinimsən mənim.
Məhəbbətin asimandır, asiman,
Ürəyimdə gəzdirirəm hər zaman,
Saf eşqimiz al səhərdir, qızıl dan,
Gülbənizli Göyərçinimsən mənim.
İllər uçdu, indi əllidir yaşın,
Sədaqət, insanlıq könül sirdaşın,
Dünyanın işidir ağarır başın,
Dadlı, duzlu Göyərçinimsən mənim.
10 yanvar 1992