Yuxu

Yenə seyr edirəm yaylaqları mən,
Oxşayır qəlbimi quşların səsi.
Yüz dəfə gəzmişəm oymaqları mən,
Xoşdu bulaq səsi, çay zümzüməsi.

Çələng toxuyuram əlvan güllərdən,
Yox, görə bilmirəm yanımda səni.
Kaş göydən enəsən, gələsən birdən,
Bil ki, yaşadıram canımda səni.

Külək çiçəkləri dindirir yenə,
Qoy bahar timsallı olsun eşqimiz.
Çəməndə güllər də rəqs edir yenə,
Sevək, ilk bahara alqış deyək biz.

Səsin qulağımda, əksin gözümdə,
Kim deyir ki, bu yaylaqda təkəm mən?
Sənə ünvanlanıb hər bir sözüm də,
Borcumdur adını tez-tez çəkəm mən.

Göyçə yaylaqları yuxuma girir,
İlahi eşqinlə alışdım yandım.
Dağ, dərə könlümü məftun edirdi,
Təəssüf, röyadan qəfil oyandım.

1 fevral 2003