Kimdən küsmüsən?

Gəl gizli saxlama, söylə, əzizim,
Kimdən incimisən, kimdən küsmüsən?
Bu sirri aç, bəyan eylə, əzizim,
Niyə kədərlisən, danış bilim mən.

Bəlkə xatirinə dəymişəm sənin?
Qəlbinə toxunub de, hansı sözüm?
Könlünü tez alım barı küsənin,
Ay canım-ciyərim, ay iki gözüm.

Yamanca tökülüb qaşın-qabağın,
Sən qara buludtək yaman dolmusan.
Baxıram allanır hərdən yanağın,
Dözməyir ürəyim, lap üzülür can.

Qəlbinə yol tapıb qara fikirlər?
Nə qədər dindirsəm, üzün gülməyir.
Mənliyini çəkir dara fikirlər,
Heç nədən, heç nədən xoşun gəlməyir.

Aç danış, nə olar, nədir kədərin?
Sən bikef olanda açılmır eynim.
Bəlkə xəbərsizəm, var dərdi-sərin?
Əlimdən nə gəlir, əzizim neynim?

Dilin söz tutmayır, nə olub, söylə?
Gizlətimə, bəlkə də qəbahətim var?
Üzün də elə bil saralıb, söylə,
Sevib-sevilənin sirrimi olar?

Gül-danış, çöhrəni tutqun görməyim,
Gizli nəyimiz var bir-birimizdən?
Diz çöküm qarşında, gəlim baş əyim,
Ürəkdən keçənlər oxunsun üzdən.

10 avqust 1999