Hər aşiq

Alın yazısı var axı insanın,
Öz yarına sadiq olsun hər aşiq.
Sözü çoxdu qəlbi oda yananın,
Öz yarına sadiq olsun hər aşiq.

Dəyərli söz unudulmaz, deyiblər,
Qəlblər coşar gələndə yaz, deyiblər,
Məhəbbətdən bəlkə də az deyiblər,
Öz yarına sadiq olsun hər aşiq.

Hikmətli söz tezcə düşür dillərə,
Nəğmə gərək ilk bahara, güllərə,
Qulaq asa, dilə gələ dağ, dərə,
Öz yarına sadiq olsun hər aşiq.

Enib gəlsin göydən ilham pərisi,
İnsan oğlu gözəlliyin hərisi,
Gözəl nəğmə – bülbüllərin şən səsi,
Öz yarına sadiq olsun hər aşiq.

Yadigardı nəsillərə qalan söz,
Yaşayacaq eldə zəfər çalan söz,
Əli Vəkil, ayaq açmaz yalan söz,
Öz yarına sadiq olsun hər aşiq.

Rusiya, İvanovo şəhəri.
21 iyul 2002