Yanan ürəkdir…

Sənin bircə kəlmən, sənin bir sözün
Yaşamaq deməkdir, həyat deməkdir.
Köksümün altında atəşin, közün,
Eşqindən alışıb-yanan ürəkdir!

Bəzən şaxtaya da, qara da düşdüm,
Yolumda keçilməz uçurum oldu.
Ömür yollarında dara da düşdüm,
Ürək nə usandı, nə də yoruldu!

Həmişə dayandın gözüm önünd,
Tək səni düşündüm, səni yad etdim.
Sınaq anlarında, ən çətin gündə
O sözü dilindən bir də eşitdim!

Yaxına qoymadım kədəri, qəmi,
Sözümə, əhdimə vəfadar oldum.
Ay könül sirdaşım, könül həmdəmim,
Mən səni sevərək bəxtiyar oldum!

Haçansa dediyin «sevirəm!» sözü
Yolumda, qəlbimdə dönüb məşələ.
Eşqin həyatımın parlaq gündüzü,
Bir sözün ömürü uzundur hələ!

Sənin bircə kəlmən, sənin bir sözün
Yaşamaq deməkdir, həyat deməkdir.
Köksümün altında atəşin, közün,
Eşqindən alışıb-yanan ürəkdir!

Mart 1981