Sən özün

Xatırla, sevgilim, yadındadırmı?
Oğrun-oğrun baxıb güldün sən özün.
Bunu unutmağın mənası varmı?
Küsəndə könlümü aldın sən özün.

Yolunu həsrətlə çox gözlədim mən,
Səni addım-addım hey izlədim mən,
Qoy açıq söyləyim, nə gizlədim mən,
Dərdimi anlayıb, bildin sən özün.

Dedik qoy var olsun düz söz, düz ilqar,
Yurd salsın qəlblərdə gərək etibar,
Nə yaxşı sən varsan, ay sevimli yar,
Yolunu qəlbimdən saldın sən özün.

Nə varım, dövlətim, nə sərvətim var,
Amma təmiz qəlbim, sədaqətim var,
Günəşə bənzəyən məhəbbətim var,
Könül rübabımı çaldın sən özün.

Yaşadır saf eşqin, gülüşün məni,
Tanısın, anlasın sevən sevəni,
Bülbül tərk eləməz gülü, çəməni,
Ən təzə tər gülü buldun sən özün.

Bir də yetirərmi bu dövran bizi?
Gərək qınamasın hər nadan bizi,
Xoşbəxt eyləyibdir Yaradan bizi,
Könlümdə əbədi qaldın sən özün.

Bil Əli Vəkilin söz dünyası var,
Öz eşqi, öz əhdi, öz dünyası var,
Qəlbini isidən köz aynası var,
Ömür-gün yoldaşım oldun sən özün.

23 noyabr 2002