Ürəyim ağrıyır, söylədin canan,
Bir anda sarsıldım qəfil xəbərdən.
Nədir ürəini axı ağrıdan?
Ağrın ürəyimə, dözümlüyəm mən.
Ağrın ürəyimə, ağrın alım mən,
Sözüm məlhəm olsun, özüm loğmanın.
Dərdini dinləyim, halı olum mən,
Bu şeirim loğmanın, sözüm loğmanın.
Ürəyim ağrıyır, demə sən Allah,
Mənim də ürəyim sancdı həmin an.
Bu qədər qəm, qüssə yemə sən Allah,
Məhəbbət hissləri dərmandı, dərman.
Qəm üstə kökləndi qəlbimin simi,
Ortaq ola billəm kaş ki, dərdinə.
Qoy mən olum ürəyinin həkimi,
Söyləyərəm, çarəsi nə, dərdi nə?
Ürəyim ağrıyır dedin, əzizim,
Yoxsa ürəyinə toxunan olub?
Bəs niyə susursan, bir din, əzizim,
Əli də həmişə dərd qanan olub!
2 avqust 1999