Qəlbimə məlhəm ol…

Dəstəkdə səsini eşidəndə mən
Sevincdən ürəyim çırpındı yaman.
De, haçan doymuşam həzin səsindən,
Süzgün baxışından, gül camalından?

Dedin: «Gözlə məni, gəlirəm indi»,
Yubanma, gözəlim, gəl, sənə qurban.
Uçdu ürəyimdən qüssə, qəm indi,
Danış telefonda, dilinə qurban.

Biz ayrı düşmüşük haçandan, gülüm,
Qonağım olmusan yuxularımda.
Üzübdür qəlbimi qəm, hicran, gülüm,
Sənsən dövlətim də, sənsən varım da.

Bu günü unutmaq çətindir, çətin,
Əbədi qalacaq yaddaşımda bil.
Qəlbimi isitsin saf məhəbbətin,
Eşqimi tufanlar söndürən deyil.

Gəl gülüm, var olsun qoy qədəmlərin,
İlk eşqin odunu götür özünlə.
Sevda ümmanımız dərindən dərin,
Qəlbimə məlhəm ol şirin sözünlə.

Aprel 1991