***
Gülüşün əks oldu qulaqlarımda,
Gecə sirli nağıl, əfsanəydimi?
Nəğməmiz həsrətin dodaqlarında,
Qəlbimiz kamanmı, yoxsa neydimi?
Dedim, gözəlliyin timsalı sənsən,
Daha nə lazımdı mənə cahanda?
Sən ilham pərisi, səbrimi kəsən,
Qoy sınsın sükutun buzu bir anda.
Ötdü, dilə gəldi qəlbimin simi,
Özümü xoşbəxtin xoşbəxti sandım.
Yenə dilləndirdin sən ürəyimi,
Məhəbbət odunda alışdım, yandım!
İz saldı könlümə süzgün baxışlar,
Oyandım üfüqdə söküləndə dan.
Həyatın qəribə qanunları var,
Yuxuda gəncliyi görərmiş insan!
1979