Bu yeni nəğməni mən yazmamışam,
Sənin gözəlliyin yazıbdır, inan.
Mən bir pərvanəyəm, eşqin yanar şam,
Onunla nurlanır ömrüm hər zaman.
Süzgün baxışından axıb qəlbimə,
Bu odlu fikirlər, səmimi hisslər.
Bilməm ürəyimi heç açım kimə,
Məni duya bilməz sevməyən kəslər.
Sənsən hər şeirimin müəllifi, sən,
Mənsə qələm tutan katibəm, gülüm.
Min dastan yazsam da gözəlliyindən,
Tükənməz ilhamım, yorulmaz əlim.
Bu sözlər kiminsə xoşuna gəlsə,
İnan ki, sənindir, sənindir alqış.
Bir ürək ağlasa, min ürək gülsə,
Yazdır qismətimiz, neylər qarlı qış?
22 dekabr 1988