Sərvətə, dövlətə, vara satılmaz,
Dənizə atılmaz, oda atılmaz,
Neyləsən nurundan ocaq çatılmaz,
Bəzən xəyal olur, xəyal məhəbbət,
Azalır dünyada halal məhəbbət.
Sevib-sevilibdir bəşər övladı,
Olub insanların qolu-qanadı,
Bu gün doğma edir dünənki yadı,
Bəzən xəyal olur, xəyal məhəbbət,
Azalır dünyada halal məhəbbət.
Kaş butun aşiqlər ola bəxtiyar,
Hər isnanın öz qisməti, bəxti var,
Sevgini duymayan xar olacaq, xar,
Bəzən xəyal olur, xəyal məhəbbət,
Azalır dünyada halal məhəbbət.
Leylilər, Məcnunlar ondan yadigar,
Biçarə Xumarla Sənan yadigar,
Kərəmtək alışıb-yanan yadigar,
Bəzən xəyal olur, xəyal məhəbbət,
Azalır dünyada halal məhəbbət.
Kimdəsə özü yox, adı yaşayır,
Dodaqda, damaqda dadı yaşayır,
Atəşli ürəkdə odu yaşayır,
Bəzən xəyal olur, xəyal məhəbbət,
Azalır dünyada halal məhəbbət.
7 fevral 2002