İndi məndən uzaqdasan,
Təki yadından çıxmayım.
Sən Vətəndən uzaqdasan,
Təki yadından çıxmayım.
Gözüm gözündən aralı,
İzim izindən aralı,
Sözüm sözündən aralı,
Təki yadından çıxmayım.
Sən gözlə məhəbbətimi,
Əzizlə məhəbbətimi,
Çək zilə məhəbbətimi,
Təki yadından çıxmayım.
İlqarımız qoy var olsun,
Kim istəmir o xar olsun,
Qoyma dərddən gözüm dolsun,
Təki yadından çıxmayım.
Sənsiz dünya mənə dardır
Sənli ömrüm ilk bahardır,
Sevən aşiq bəxtiyardır,
Təki yadından çıxmayım.
Ürəyində yerim olsun,
Dodağında şeirim olsun,
Eşqin Məkkəm, pirim olsun,
Təki yadından çıxmayım.
Tanıyırsan sən Əlini,
Dərdinə dözən Əlini,
Vüqarlı gəzən Əlini,
Təki yadından çıxmayım.
18 avqust 2000