Çarə qıl

Olan olub, keçən keçib,
«Get başına bir çarə qıl».
Yeyən yeyib, içən içib,
«Get başına bir çarə qıl».

Hər insanın öz baxtı var,
Tərs baxtı var, düz baxtı var,
Məhəbbətin öz vaxtı var,
«Get başına bir çarə qıl».

Qəmlənməyin nə mənası,
Baxışlar qəlbin aynası,
Söz əhlinin öz dünyası –
«Get başına bir çarə qıl».

Yaz yadigar qalsın dastan,
Ürəkdə yer alsın dastan,
Aşiq olmaq deyil asan –
«Get başına bir çarə qıl».

Əli Vəkil arif adam,
Xəyanətə, şərə yadam,
«Yanardağ»am, sönməz odam,
«Get başına bir çarə qıl».

18 iyul 2002