Amandı

Gendə gəzib dolanma, dözmərəm, yar, amandı.
Əgər məndən incisən, gülər əğyar, amandı.

Əhdimiz var bilirsən, gəl çıxarma yadından.
Camalını görməsəm, qəlbim sızlar, amandı.

İndi nələr çəkirəm, sənə əyandı, gülüm.
Öz sözündən dönmə gəl, ey vəfadar, amandı.

Biz səfərə çıxmışıq, hər ikimiz yolçuyuq,
Mətin ol ki, yormasın, səni yollar, amandı.

Eşqimizə həyatda qibtə edənlər də var,
Yadlar gülsə üstümə, qəlbim ağlar, amandı.

Mənə doğma olsan da, qəlbim haçandır ağlar.
İlqarımız pozular, gözüm ağlar, amandı.

Əli Vəkil düzlüyun, həqiqətin vurğunu,
Ay qız, sənə könlümdə niskilim var, amandı.

23 iyul 2002
Rusiya, İvanovo şəhəri