Qarabağım yad əldədir haçandan,
Tezliklə yağıdan almalıyam mən.
Qisas qiyamətə qalmaz heç zaman,
Tarixi qələbə çalmalıyam mən.
«Bir kərə yüksələn bayraq enməz» ki,
Ürəyin nifrəti, odu sönməz ki,
Mərdlər dediyindən heç vaxt dönməz ki,
Torpağın qeydinə qalmalıyam mən.
Qarabağda at oynadır yağılar,
Saxta bir qurumun saxta gerbi var,
Saxta «dövlət» yaradana olsun ar,
Onun bayrağını salmalıyam mən.
Şuşasız, Laçınsız dözməkmi olar?
Çıxıb el içində gəzməkmi olar?
Vuruşdan, döyüşdən bezməkmi olar?
Qara buludlartək dolmalıyam mən.
Əli Vəkil, öndə ağır döyüş var,
Töhmət başımızdan yağır, döyüş var,
Milləti vuruşa çağır, döyüş var,
«Qələbə marşı»nı çalmalıyam mən.
30 iyul 2002
Rusiya, İvanovo şəhəri