Deyən var

Dünyamız ağlı, qaralı,
«Qatıq qaradır, deyən var».
Təbiət dağlı, dərəli,
«Qatıq qaradır, deyən var».

Hər şeyin öz adı bəlli,
Hər meyvənin dadı bəlli,
«Yanardağ»ın odu bəlli,
«Qatıq qaradır, deyən var».

Doğma torpaq yada qalmaz,
Təpəni dağ sanmaq olmaz,
Müdrik insan darda qalmaz,
«Qatıq qaradır, deyən var».

Yalan sözü doğru sanma,
Həqiqəti heç vaxt danma,
Şərbaz adama inanma,
«Qatıq qaradır, deyən var».

Yaxşı tanı vicdansızı,
Yalançını, hər qansızı,
Qışa dönər ömrün yazı,
«Qatıq qaradır, deyən var».

Nə deyəsən cib güdənə,
Eşqə düşür dönə-dönə,
Böhtan atır hər yetənə,
«Qatıq qaradır, deyən var».

Əli Vəkid nələr gördü,
Doğru sözdən çələng hördü,
Şərəfli bir ömür sürdü,
«Qatıq qaradır, deyən var».

9 avqust 2002
Rusiya, İvanovo şəhəri