Həyatın sirrini biləsən gərək,
Hər şeyin yerini biləsən gərək,
Ürəkdən ağlayıb güləsən gərək,
«Dişinə baxmazlar bəy verən atın».
Tanınma həyatda sən namərd kimi,
Sevir bu insanlar mərdi, mərd kimi,
Kim qəbul etməyir dərdi dərd kimi,
«Dişinə baxmazlar bəy verən atın».
Bir ömürdü bir gün çatacaq sona,
Dəyişir təbiət, girir yüz dona,
İlahi məxluq da anadır, ana,
«Dişinə baxmazlar bəy verən atın».
Yəqin qoca olmur bəylərin atı,
Heç vaxt dalda qalmır bəylərin atı,
Yox, yox, tez yorulmur bəylərin atı,
«Dişinə baxmazlar bəy verən atın».
Əli Vəkil, hərənin öz köhləni,
Dağlar aşsın şairin söz köhləni,
Şahə qalxsın əhdinə düz köhləni,
«Dişinə baxmazlar bəy verən atın».
10 avqust 2002