Vüsal həsrətiylə vurur ürəklər,
De kimdən haqq-hesab sorur ürəklər?
Hicrana, həsrətə sirdaş olalı,
Dözüm zirvəsində durur ürəklər.
Bilirəm sevdanın vədəsini mən,
Doldur ver içim eşq badəsini mən,
Hərdən yad edəndə öz sevgilimi,
Sanki eşidirəm şən səsini mən.
Yaman tez ayrıldım mən öz yarımdan,
Qəlbimin sirdaşı vəfadarımdan,
Həsrəti könlümü yağdırıb yaxır,
Sanki ayrılıram ilk baharımdan.
Sevginin qədrini sevənlər bilər,
Şadlanar qəlbləri, şadlanar, gülər,
Ürəkdən vurulsa hər bir eşq əhli,
Gecikməz, yarını görməyə gələr.
Sevgi yolu məcnunların yoludur,
Vəfasızla, sadiqlərlə doludur,
Yer üzündə kim ürəkdən sevirsə,
Məhəbbət sevinci, vuran qoludur.
Yad elə vədini, yarı unutma,
Gəl peymanı, düz ilqarı unutma,
Eşq əhli sözündən dönməsin gərək,
Yadda saxla bunu, barı, unutma.
Ömrün, günün baharıdır cavanlıq,
Şöhrətidir, vüqarıdır cavanlıq,
Mənalı yaşamaq şərəfdir, inan,
Cəsarətdir, iftixardır cavanlıq.
Göz görməsə, könül sevməz, deyiblər,
Vəfasızdan uzaqda gəz, deyiblər,
Bir-birinə könül verən cütlərə
Eşq yolunda əzaba döz, deyiblər.
Üzü gülməz yardan ayrı düşənin,
Gülüşündür, fərəhindir yar sənin,
Xoşbəxtsən dünyada, unutma bunu,
Qəlb sirdaşın, bir sevənin var sənin.
Ürəyimdən keçənləri yar bilsin,
Ona deyiləsi sözüm var, bilsin,
Əhdini danmasın məhəbbət əhli,
Yağmaz eşqin bağçasına qar, bilsin.
17 avqust 2002
Rusiya, İvanovo şəhəri