Yerdə, göydə gözüm səni axtarır

Yerdə, göydə gözüm səni axtarır,
Ürəyimdə sözüm səni axtarır,
Bəyıan edim hamı bilsin, bu aşiq
Vəfadarı, tez bu səni axtarır.

Necə də gözəldi sənli bu dünya,
Günəşli, buludlu, çənli bu dünya,
Gül-çiçək ətriylə səni məst edər,
Bağ-bağçalı, göy çəmənli bu dünya.

Harayla, gələrəm, harayla məni,
Danışıb-gülərəm, harayla məni,
Unutmaq olmayır çöhrəni axı,
Qədrini bilərəm, harayla məni.

Gəl unutdur yenə dərdi-sərimi,
Sənsiz vallah tapammıram yerimi,
Gözlərim yol çəkir, dözə bilmirəm,
O gül camalına tamarzı kimi.

Eşqinin oduna yanım bir də mən,
Səni vəfadarım sanım bir də mən,
Ayrılıq sınayır iradəmizi,
Qara gözlərini anım bir də mən.

Unutma, gəl axtar, gəl ara məni,
Yoxsa görəmməzsən sən dübara məni,
Tanrım sevənləri ayrı salmasın,
Tezcə qovuşdursun, tez, yara məni.

Yerini, yurdunu mən necə bilim?
Görəsən bəs indi hardasan, gülüm,
Yatıram ən şirin arzularla mən,
Girəsən yuxuma kaş ki, sevgilim.

Yaoançı vədlərə aldanma barı,
Çıxmasın qarşına eşq dəllalları,
Var-dövlət əsiri olan gözəlin
Olmaz nə vəfası, nə də ilqarı.

Ülvi məhəbbəti qorumaq gərək,
Mətindir xoş hisslə döyünən ürək,
Sevginin qədrini bilərsə aşiq,
Ömür sürər şadlanaraq, gülərək.

Baxış var yadında əbədi qalar,
Sevən ürəkləri odlara salar,
Yar səni seyr edər süzgün baxışla,
Ürəyin boşalar, ürəyin dolar.

Unutma ki, aramızda əğyıar var,
İblislər, şeytanlar aranı vurar,
Axı utanmayır söz gəzdirənlər,
Belə insanlara qoy ar olsun, ar.

Mən səni bu gecə yuxumda gördüm,
İpək saçlarını iylədim, hördüm,
Sübh çağı ayıldım, tək-tənha idim,
Dalıb xəyallara mən köks ötürdüm.

Həsrətin qəddimi lap büküb inan,
Sinəmə çal-çsarpaz dağ çəkib inan,
Dərd insanı bir az mətinləşdirir,
Eşq əhli sevgidən verir imtahan.

Sevgidə heç zaman gecikmək olmaz,
Bahar gəlməyincə gül-çiçək solmaz,
Təmiz olsa sevənlərin ürəyi,
Məhəbbət bağının gülləri solmaz.

Sevən ürəklərin atəşi sönməz,
Həqiqi aşiqlər sözündən dönməz,
Məcnunlar, Kərəmlər elə seviblər
Onların heykəli zirvədən enməz.

Narahatam sən qarşıma çıxandan,
Təmiz eşqin şimşək olub çaxandan,
Bir gün yetişəcək həsrətin sonu,
Biz birlikdə olacağıq hər zaman.

Yenə bulud kimi dolubdu qəlbim,
Qəm-kədər beşiyi olubbdur qəlbim,
Yanımda ol, bir az dərdləşək, gülüm,
Vallah, intizarda qalıbdır qəlbim.

Hər yan gülür, gələcəkdir yar bizə,
Ürəyində çoxlu sözü var bizə,
Ayrılıq dağ çəkir sevən qəlblərə,
O gəliş toy-bayram, ilk bahar bizə.

Yarımın işvəsi, nazı nə gözəl,
Söhbəti nə gözəl, sözü nə gözəl,
Lal baxışlar nələr demir aşiqə,
Mənə ilham verən gözə nə gözəl.

Çağırın yarımı görüşə gəlsin,
Sirrimi söyləyim, dərdimi bilsin,
Dərdi bölüşəndə ürək dincəlir,
Mən də rahat olum, o da dincəlsin.

Gəlibsən yanımda qal, ay sevgilim,
Küsəndə könlümü al, ay sevgilim,
Həsrətdən ürəyim kövrələn zaman,
Könül rübabımı çal, ay sevgilim.

Ayrılıq yamandı, gülüm, döz görüm,
Səni öz yanımda gülərüz görüm,
İki aşiq bir-birinə can desin,
Hər bir zaman keflərini saz görüm.

Üzür məni həsrət çıxarma yaddan,
Qoru eşqimizi əğyardan, yaddan.
Unutma həyatda sən öz yarını,
Eşqini kimsədən nə gizlət, nə dan.

Axtarıram, sənə layiq söz hanı?
Söz gəzsə də kainatı – cahanı,
Məhəbbət mirasdı, Adəmdən qalıb,
Aşiq əsirgəməz yarından canı.

Sına öz eşqində sən məni tanı,
Səni odlu qəlblə sevəni tanı,
Aşiq gərək ilk görüşdə bəyənsin,
Onun həsrətiylə oda yananı.

Çoxdan sənin bir sözünə möhtacam,
Camalına, gül üzünə möhtacam,
Tamarzıyam nəfəsinə, səsinə,
Yubanma, gülüm, gəl, gözünə möhtacam.

18 avqust 2002
Rusiya, İvanovo şəhəri