Ömür amanatdır, axır çay kimi,
Ayları, illəri salırıq yola.
Necə dərk edəsən sirli aləmi?
Sığışmır yaddaşa, əqlə, kamala.
Xəyal həqiqətə çevrilmir bəzən,
Beşiyim, məzarım ana torpağım.
Onu yaşadıram ürəyimdə mən,
Əlimdə üçrəngli milli bayrağım.
Alovda əridim, şaxtada dondum,
Düşdüm bu həyatda hey bərkə, boşa.
Vaxt oldu qartaltək zirvəyə qondum,
Vaxt oldu y elkənim toxundu daşa.
İllər saçlarıma əlini çəkdi,
Gördüm qonşunun da namərdliyini.
Bu dövran başımda yaman turp əkdi,
Mərdlər itirməsin kaş mərdliyini.
Başa vurmaqdayıq doxsan biri də,
Bu il də günlərim, ayım nəhs gəldi.
Çoxalıb elimin dərdi, səri də,
Qisməti nağaq qan, vaxtsız əcəldi.
Qoy Allah ayırsın haqqı nahaqdan,
Qayıtsın yurduma əmin-amanlıq.
Yerdə qalmayacaq heç vaxt nahaq qan,
Kimsəyə etməyib xalqım yamanlıq!
Noyabr 1991