Ağlatdın

Azərbaycanın Milli Qəhrəmanı Alı Mustafayevin xatirəsinə

Dəli bir ağlamaq keçdi könlumdən,
Kükrəyib çağlamaq keçdi, könlümdən,
Düşməni oxlamaq keçdi könlümdən,
Alışıb Vətəni, eli ağlatdın.

Alısız böyüyür üç balan indi,
Laləndir ah çəkən, sozalan indi.
Dərdindir qəlblərə od salan indi,
Sazda pərdələri, teli ağlatdın!

Qulaqlar mehriban səsinə həsrət,
Yaşlı gözlərimiz hüsnünə həsrət,
Sən bizə həsrətsən, biz sənə həsrət,
Məzarın üstündə gülü ağlatdın!

Demə şair imiş Alımız bizim,
Nəğmələr söyləmiş Alımız bizim,
Sənsiz pərişandı halımız bizim,
Ürəyi ağlatdın, dili ağlatdın!

Bu diyar böyütdü hünərvər səni,
Tanıdıq dünyada şair, ər səni,
Üfüqdən soruruq hər səhər səni,
Çəməndə çiçəyi, tülü ağlatdın!

Necə qurban verdik doxsan birdə biz,
Göydə siz yandınız, onda yerdə biz,
Bilməm necə dözdük ağır dərdə biz,
Günləri, ayları, ili ağlatdın!

Səninlə Məhəmməd, Osman itirdik,
Tofiqi, İsməti yaman itirdik,
Qatillər vermədi aman, itirdik,
Kükrəyən çayları, seli ağlatdın!

Ölüm pəncərəni döydü bir axşam,
Başının üstündə öləzədi şam,
Kədərlə söylədin: «Əlvida, dünyam!»
Muğanı ağlatdın, Mili ağlatdın!

Noyabr 1992