Üzdü məni doğma yurdun həsrəti,
Yollanıram Vətənimə mən sabah.
Yaşayır qəlbimdə el məhəbbəti,
Yollanıram Vətənimə mən sabah.
Necə dözüm mən Bakısız, Xəzərsiz,
Düşündükcə kədərimdən dolur göz.
Ürəyimdə yeni hisslər, yeni söz,
Yollanıram Vətənimə mən sabah.
Hərdən Qoşqar, hərdən Şahdağ səsləyir,
Doğma torpaq, yaxın-uzaq səsləyir,
Cənnət məkan, hər baxça-bağ səsləyir,
Yollanıram Vətənimə mən sabah.
Qürbət eldə vallah üzüm gülməyir,
Susur ilham, qəlbdə sözüm gülməyir,
Ürəyim gülməyir, gözüm gülməyir,
Yollanıram Vətənimə mən sabah.
Doma ocaq əziz imiş sən demə,
Kədər qəlbdə dəniz imiş sən demə,
Dərd ürəkdə közərərmiş sən demə,
Yollanıram Vətənimə mən sabah.
Bu yerlərdə hər günüm bir il oldu,
Ayrılıqdan yandı bağrım kül oldu,
Artdı dərdim, ürəyim tel-tel oldu,
Yollanıram Vətənimə mən sabah.
Körpə kimi can atıram qoynuna,
Qoy dolayım qollarımı boynuna,
Odlar yurdu, mən övladam, sən ana,
Yollanıram Vətənimə mən sabah.
30 dekabr 2000
Rusiya. İvanovo şəhəri.