Əlvida, ilim

Ömür sarayından düşən daş oldun,
Ürəkdə gah sevinc, gah təlaş oldun.
Ötən illər ilə sən sirdaş oldun,
Əlvida deyirəm, əlvida, ilim!

İkinci ilisən sən yeni əsrin,
Olmasın qonağı çən yeni əsrin,
Hələ yolçusuyam mən yeni əsrin,
Əlvida deyirəm, əlvida, ilim!

Qaytara bilmərik bir anını biz,
Köç edən görürük karvanını biz,
Yazdıq qəlbimizə ünvanını biz,
Əlvida deyirəm, əlvida, ilim!

Dünyaya göz açan, doğulan oldu,
Kədər dənizində boğulan oldu,
Çox yerdə qan-qada, nahaqdan oldu,
Əlvida deyirəm, əlvida, ilim!

Yeni il qapımı döyür yenə də,
Nəsə qulağıma deyir yenə də,
Düşmənlər özünü öyür yenə də,
Əlvida deyirəm, əlvida, ilim!

İlin Qar babası, Qar qızı gəlsin,
Bu illə ömrümün bir yazı gəlsin,
Yer üzü sevinsin, yer üzü gülsün,
Əlvida deyirəm, əlvida, ilim!

Hələ qabaqdadı əsrin illəri,
Bülbül də çox evir bağda gülləri,
Sınağa çəkməsin dövran elləri,
Əlvida deyirəm, əlvida, ilim!

Mübarək! Dediyin toylar çox oldu,
Cahanda ölümlər, vaylar çox oldu,
Qəm-qüssə gətirən aylar çox oldu,
Əlvida deyirəm, əlvida, ilim!

Sən ola bilmədin zəfər ilimiz,
Yenə gödək oldu, gödək, dilimiz,
Əsir düşüb mahalımız, elimiz,
Əlvida deyirəm, əlvida, ilim!

Axı, çin olmadı arzumuz nədən?
Qarabağ yad əldə, qəmlidir Vətən,
Hələ ki, görsənmir qabaqda gedən,
Əlvida deyirəm, əlvida, ilim!

Əli Vəkil ümid ilə yaşayır,
Salam, deyib aya, ilə yaşayır,
Göyçəsizdi, amma hələ yaşayır,
Əlvida deyirəm, əlvida, ilim!

Bakı şəhəri
31 dekabr 2002