Həyat yolu

Həyat – çaya bənzəyir,
Axar, şəffaf suyunda
Bir də çimmək olmayır.
Həyat – dolu bir camdır,
Əldən düşsə, tökülsə
O bir daha dolmayır.
Həyat – əvəzsiz nemət –
Bəxş olunur bir dəfə.
Sən də nişançı kimi
Sərrast atasan gərək,
Oxun dəyə hədəfə.
Arzular dənizində,
Qayğılar ümmanında
Sevib-sevilirik biz.
Ömrün burulğanında
Ağlayır-gülürük biz.
Yol gedirik sabaha,
Yol gedirik ümidlə.
Könlümüzün rübabı
Bəmdə, zildə çalınır,
Ahəstə gəlir dilə.
Gül dəririk həvəslə
Biz uşaqlıq bağından.
Sonra meyvə üzürük
Gənclik adlı ağacın
Bəhrəli budağından.
Ötüb keçdikcə illər
İnsanlar dolur yaşa.
Kimi rahat yol gedir,
Kiminin də ayağı
Qəfildən dəyir daşa.
Toydur, yasdır əzəldən
Sağı, solu insanın.
Beşikdən qəbrəcəndir
Həyat yolu insanın!

Noyabr 1989