Deyən var…

Dünyamız ağlı, qaralı,
Qatıq qaradır, deyən var.
Təbiət dağlı, dərəli,
Qatıq qaradır, deyən var.

Hər şeyin öz adı-bəlli,
Hər meyvənin dadı-bəlli,
Hər ocağın odu-bəlli-
Qatıq qaradır, deyən var.

Doğma torpaq yada qalmaz,
Təpəni dağ sanmaq olmaz,
Müdrik insan darda qalmaz,
Qatıq qaradır, deyən var.

Yalan sözü doğru sanma,
Həqiqəti heç vaxt danma,
Şərbaz adama inanma,
Qatıq qaradır, deyən var.

Yaxşı tanı vicdansızı,
Yalançını, hər qansızı,
Qışa dönər ömrün yazı,
Qatıq qaradır, deyən var.

Nə deyəsən cib güdənə,
Eşqə düşüb dönə-dönə,
Böhtan atır hər yetənə,
Qatıq qaradır, deyən var.

Əli Vəkil nələr gördü,
Doğru sözdən çələng hördü,
Şərəfli bir ömür sürdü,
Qatıq qaradır, deyən var.

Rusiya. İvanovo şəhəri.
9 avqust 2002