İlk payımız, qismətimiz
Daim yaz ola, yaz ola.
Yetişəndə zirvəyə biz,
Yaşın yüz ola, yüz ola.
Könlüm dinir zildə, pəsdə,
Min məna var adi səsdə,
Qəmlənəndə sinən üst
Telli saz ola, saz ola.
Məhəbbəti yaşat qanda,
Məhəbbətsiz daşdır can da,
Gərəkdir ki, yar yanında
Sözün düz ola, düz ola.
Azma yolu sisdə, çəndə,
Hamar yol var bil ki, öndə,
Söz qoşanın sinəsində
Gərək köz ola, köz ola.
Bülbül susar güldən ayrı,
Sona neylər göldən ayrı,
Nəyə lazım eldən ayrı
Kefin saz ola, saz ola.
Doğulursan bircə kərə,
Çıxır qarşına dağ, dərə,
Ürəklərdən ürəklərə
Kaş ki, iz ola, iz ola.
Nəyin vardır sənin hələ?
Çalış sözün düşsün dilə,
Əli Vəkil, güvən elə
Sənə göz ola, göz ola.
Aprel 1991