İyirmi beş noyabr, ikimininci il,
Azərbaycan torpağında zəlzələ!
Yaddaşdan pozulan, silinən deyil,
Vahimə hissləri keçməyib hələ.
Hamını qorxutdu o dəhşətli səs,
Torpağın qəzəbi və hikkəsiydi.
Unutmur bir an da, unutmur heçkəs,
Bu, yerin nifrətdən titrəməsiydi.
Beşdən biri itirilən torpağın
Qəzəbini, kədərini gəl söndür.
Yad cənginə ötürülən torpağın
Övladı ol, qeydinə qal, sevindir.
Azərbaycan torpağının nərəsi
Onun bizim ilə danışmasıydı.
O yer titrəməsi, o nifrət səsi
Müqəddəs torpağın dil açmasıydı.
O titrəyiş, vahiməli, müdhiş səs,
Eli qəflət yuxusundan oyadır.
«Vaxtı yelə verirsiniz siz əbəs,
Zənn etməyin bu yuxudur, röyadır».
Torpaq bu gün bizdən hesab istəyir,
«Siz Təbrizi, Borçalını verdiniz.
Zəngəzurla Göyçə elə gəl, deyir,
Dərbəndi də itirdiniz axı siz?
Dözdüm buna, dözdüm çətin olsa da,
Kimlər verdi Qarabağı yadlara?
Şuşa, Laçın xəyallara dalsa da,
Tapşırdınız od-ocağı yadlara.
Gör haçandan itiribsiz Ağdamı,
Qubadlıdan, Kəlbəcərdən xəbər yox.
Bu dərd vallah dəli edər adamı,
Zəngilanın, Cəbrayılın qəmi çox.
Füzulisiz Füzulimiz qan ağlar,
Xankəndini vermisiniz «yan»lara.
Elatsız, sürüsüz qalıb yaylaqlar,
Qalib gəlin cahanda siz «yan»lara.
Zəlzələ saymayın o tərpənişi».
Dedi öz sözünü anamız torpaq.
Sönməsin ürəyin nifrət atəşi,
Alınsın yadlardan doğma Qarabağ.
O gün başa düşdüm bir həqiqəti,
Kasıblar, varlılar bərabərləşdi.
Yaddan çıxarmayaq biz bu hikməti,
Hamı çölə qaçıb təşvişə düşdü.
Elin sərvətini mənimsəyənlər
O anda ölümü yadına saldı.
Vəzifə daşıyıb, müftə yeyənlər,
Qaçdı villasından bayırda qaldı.
Qaçqına, köçkünə əl tutmayanlar
Həmin gün dünyadan üzdü əlini.
Düşdü gözlərindən dollar, dövlət, var,
Bədxah da dərk etdi bəd əməlini.
Qorxudan, təşvişdən oldular uzaq,
Çadırda yaşayan məzlum qaçqınlar.
Çadır uçan deyil, nə lazım qorxmaq,
Yandı özgələrin halına onlar.
O gün qibtə etdi harınlar yəqin,
Çöldə, çadırlarda yaşayanlara?
Xarici banklarda pulu var, yəqin,
Kimdən kömək umsun, əl atsın hara?
Yoxsulu yadına saldımı görən
Rüşvətlə varlanan qarnı yoğunlar?
Onların yadında qaldımı görən,
Tanrının, torpağın ittihamı var?
Torpağın çiynində ağır yük olan,
Zəlitək qan soran çoxdur Vətəndə.
Canavar xislətli, sözləri yalan,
Elə zərbə vuran çoxdur Vətəndə.
Yaman silkələdin, ay ana torpaq,
Kimlər ki, yatmışdı fil qulağında.
Kaş onlar ayıla, kaş qana, torpaq,
Qayğıkeş olurlar ölüm çağında?
Qaldımı onların yaddaşlarında
Milləti düşünüb humanist olmaq?
Açıldı qulağı vallah karın da,
Gərəkdir torpağın qeydinə qalmaq.
O an partlayaydı kaş ürəkləri,
Namərdin, satqının, qeyrətsizləri.
Nəticə çıxarıb bundan hər biri
Taleyin quyusu dərindir, dərin.
Bədxahlar dünyaya baxır ötəri,
Gözləri doymayır vardan, dollardan.
Görən duyurlarmı barı bu sirri,
Anadan bərabər doğulur insan?
12 fevral 2001